SİYASƏT
Azərbaycan və Latviya arasında regional əlaqələr inkişaf edir
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Latviyanın Preyli Şəhər Dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinin Qaradağ rayonunda olub. Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, Heydər Əliyev muzeyində Ümummilli Liderin həyat və fəaliyyəti ilə tanış olublar.
Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov ilə keçirilən görüşdə bildirilib ki, Azərbaycan və Latviya arasında regional əlaqələrin inkişafı istiqamətində işlər davam etdirilir. Qarşılıqlı səfərlərin məntiqi nəticəsi olaraq 2011-2017-ci illərdə iki ölkənin bir sıra yerli orqanları arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb, təcrübə mübadiləsi və müzakirələr aparılıb. Bu əməkdaşlığın nəticəsi olaraq 2017-ci ilin iyul ayında Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfəri zamanı bu ölkənin Prezidenti ilə görüşündə yerli hakimiyyətlər və bələdiyyələrin əməkdaşlığı sahəsində görülən işlər xüsusilə vurğulanıb.
Dostluq və işgüzar əlaqələrin daha da gücləndirilməsi, təcrübə mübadiləsi və yeni layihələrin icrası ilə bağlı görüşlərin keçirilməsi məqsədilə Preyli Şəhər Dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda səfərdə olduğu bildirilib.
Görüşdə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs da iştirak edib.