SİYASƏT


Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Bakı, 28 fevral, AZƏRTAC

Fevralın 28-də Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Moldovanı isə xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Lilian Dariy təmsil edib.

X.Xələfov Azərbaycanla Moldova arasında MDB, GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın qurulduğunu bildirib, XİN-lərarası siyasi məsləhətləşmələr formatının ikitərəfli əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin mövcud potensialı əks etdirmədiyini, bu xüsusda əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək üçün bütün imkanlardan istifadənin zəruriliyini qeyd ediblər.

Nazir müavinləri Azərbaycanla Moldova arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq bildiriblər və bu faktın digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlar yaratdığını qeyd ediblər. Tərəflər təmsil etdikləri ölkələrin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəklədiklərini xüsusi vurğulayıblar.

X.Xələfov Azərbaycanla Moldova arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və gündəlikdə duran məsələlərin həlli üçün iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin canlandırılmasının və tezliklə növbəti iclasın keçirilməsinin vacibliyini vurğulayıb.

Hər iki ölkənin ərazi bütövlüyünün pozulmasını Azərbaycanla Moldovanın üzləşdiyi problemlərin oxşar cəhəti olduğunu bildirən X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri və aparılan sülh danışıqları barədə moldovalı həmkarına ətraflı məlumat verib. O, Ermənistanın işğal etdiyi bütün Azərbaycan torpaqlarının azad ediləcəyinə heç kimin şübhə etmədiyini bildirib və bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarına geri qayıtmasının təmin ediləcəyini diqqətə çatdırıb. Ermənistan hakimiyyətinin siyasi manipulyasiya etdiyini, danışıqlar prosesini pozduğunu vurğulayan X.Xələfov Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində və silahlı qüvvələrin təmas xəttində mütəmadi olaraq təxribatlar törətdiyini, gərginliyi artırmaqla sülh prosesinə zərbə vurduğunu bildirib.

Regionda Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verən X.Xələfov sözügedən istiqamətdə, xüsusilə də Qara Dəniz vasitəsilə yük daşımalarının Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlığa töhfə verə biləcəyinə inam ifadə edib.

Lilian Dariy ölkəsinin Azərbaycanın tranzit imkanlarından istifadə etməkdə maraqlı olduğunu söyləyib və Qara Dəniz vasitəsilə yüklərin daşınmasında mövqelərin üst-üstə düşdüyünü qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.