CƏMİYYƏT


Azərbaycan və Rusiya gəncləri Sankt-Peterburqda bir araya gəldilər

Bakı, 23 sentyabr, AZƏRTAC 

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sankt-Peterburqda VII Rusiya-Azərbaycan Gənclər Forumu keçirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 25-dək davam edəcək forumda Azərbaycanı Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Forumun sentyabrın 23-də keçirilən rəsmi açılış mərasimində çıxış edən İ.Babayev bu tədbirin keçirildiyi yeddi il ərzində Rusiya və Azərbaycan gəncləri arasında sıx əlaqələrin qurulduğunu və münasibətlərin daha da inkişaf etdiyini bildirib. Nazir müavini vurğulayıb ki, bu forum hər iki ölkə gənclərinin bir-biriləri ilə daha yaxından tanış olmaları, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmələri üçün böyük imkanlar yaradır. “İlk forum 2012-ci ildə “Yeni nəsil: sərhədsiz məsuliyyət” devizi altında ölkəmizdə keçirildi və əsası dialoq və əməkdaşlıq olan Bəyannamə Azərbaycanda qəbul edilib. Sevindirici hal ondan ibarətdir ki, forumlar daim müxtəlif sahələri əhatə edən mövzular ətrafında gerçəkləşir. Bu isə o deməkdir ki, forum öz ətrafına fərqli düşüncəli, müxtəlif sahələrdə fəaliyyət göstərən gəncləri cəlb edib, onların bacarıq və imkanlarının genişləndirilməsi üçün yeni zəmin yaradır. Prezidentlər İlham Əliyev və Vladimir Putin də daim çıxışlarında hər iki ölkənin sıx və inkişaf etməkdə olan dostluq münasibətlərini xüsusi vurğulayırlar”, – deyə İ.Babayev bildirib.

Nazir müavini, həmçinin iki ölkə gəncləri arasında əməkdaşlığın, əlaqələrin genişləndirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatının rolunu xüsusi vurğulayıb. O, Rusiyanın müxtəlif universitetlərində təhsil alan gənclərin mütəmadi olaraq Azərbaycana səfərlərinin təşkil edildiyini və bu istiqamətdə böyük addımların atıldığını diqqətə çatdırıb.

Azərbaycandan 25 gəncin qatıldığı forumda “Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi”, “Gənclər üçün biznes. Sosial sahibkarlıq”, “Qeyri-rəsmi təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu”, “Davamlı inkişaf məqsədləri”, “Müasir media məkanı” mövzularında sessiyalar təşkil edilib. Bölmə iclaslarında iştirak edənlər Rusiya və Azərbaycan gəncləri arasında əməkdaşlığın inkişafı üçün birgə təkliflər hazırlayacaqlar.

Forum çərçivəsində Sankt-Peterburqun Gənclər mərkəzləri ilə tanışlıq olacaq və bu şəhərdəki Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.