CƏMİYYƏT
Azərbaycan və Türkiyə arasında əmək miqrasiyası məsələlərinə dair səmərəli müzakirələr aparılıb
Ankara, 1 fevral, АZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Nümayəndə heyəti fevralın 1-də Türkiyənin Əmək və Sosial Müdafiə naziri Mehmet Müezzinoğlu ilə görüşüb.
Görüşdə miqrasiya, o cümlədən əmək miqrasiyası, onlara təsir edən amillər, bu prosesin tənzimlənməsi mexanizmləri, bu sahədə olan qanunvericilik bazası və digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Eyni zamanda, iş adamlarının fəaliyyəti üçün tam münbit şəraitin yaradılması, həmçinin Azərbaycan və Türkiyə arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və onun perspektivləri müzakirə edilib.
Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünivar və digər rəsmi şəxslər iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara