İQTİSADİYYAT
Azərbaycan və Türkiyə arasında fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib
Bakı, 11 aprel, AZƏRTAC
Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi Qrupunun fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq üzrə alt İşçi Qrupunun Bakıda görüşü keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmiz Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Türkiyə tərəfindən isə toplantıda Fərdi Məlumatların Mühafizəsi Qurumunun rəhbəri Faruk Bilir və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin nümayəndələri iştirak ediblər.
Görüşdə fərdi məlumatların mühafizəsi və bu sahədə iki ölkənin milli qanunvericiliyinin uyğunlaşdırılması mövzuları üzrə təqdimatlar edilib, fikir mübadiləsi aparılıb.
Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev çıxışında ölkəmizdə fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin əsas prinsipləri, bu sahədə aparılan hüquqi islahatlar, o cümlədən Elektron Təhlükəsizlik Xidmətinin bu istiqamətdə planlaşdırdığı layihələr barədə məlumat verib. Ş.Əliyev fərdi məlumatların mühafizəsi sahəsində iki ölkə arasında görüləcək işlərin mövcud əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Qeyd edək ki, Rəqəmsal transformasiya üzrə Azərbaycan–Türkiyə İşçi Qrupunun yaradılması barədə razılıq rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında 2021-ci il fevralın 18-də Ankara şəhərində keçirilmiş görüş zamanı əldə olunub.