SİYASƏT


Azərbaycan xalqı Ordusuna və Ali Baş Komandanına inanır və güvənir

Bakı, 1 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan Ordusu tarix yazır. Ali Baş Komandanın güclü siyasi iradəsinə əsaslanaraq haqq, ədalət missiyasını yerinə yetirir.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva söyləyib.

Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşlarımızı qətlə yetirməsindən sonra başlanan genişmiqyaslı əks-hücumun davam etdiyi bu 5 gün ərzində Azərbaycanın qardaş, dost Türkiyədən, Pakistandan, Ukraynadan, İsraildən və bir sıra başqa ölkələrdən, beynəlxalq təşkilatlardan tam dəstək gördüyünü bildirən S.Vəliyeva deyib: “Bir sıra dövlətlər və təşkilatlar növbəti dəfə ikili yanaşma tətbiq etdilər, dırnaqarası məsləhətlər verdilər. Başa düşə bilmirəm, məgər həmin dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın uşaqları, qadınları, qocaları qətlə yetirdiyini görmürlərmi? Yaxud Naftalanda üzvlərinin ikisi uşaq olmaqla bir ailənin tamamilə məhv edilməsini görmürlərmi? Məgər Ermənistan silahlı qüvvələri Tərtəri, Goranboyu, Daşkəsəni, Ağdamı və digər əraziləri bombardman edərkən beynəlxalq hüququn pozulması baş vermirmi? Lakin Azərbaycan əhalisini qorumaq və işğal edilmiş tarixi torpaqlarını geri qaytararkən qanunu, hüququ pozmuş olur? Buradan da görünür ki, Azərbaycana qarşı qərəzli mövqe, ikili standartlı yanaşma açıq-aşkar ortadadır”.

Bu gün xalq-Ali Baş Komandan-Ordu birliyinin öz sözünü dediyini bildirən deputat vurğulayıb: “İnanmayanlar, Azərbaycanı “militarist” adlandıranlar gəlib öz gözləri ilə Qan Bankının qarşısında könüllü olaraq qan vermək istəyən minlərlə insanı, yaxud səfərbərlik idarələri qarşısında döyüşə könüllü getmək istəyən minlərlə vətənpərvəri görə bilərlər”.

“Qarabağın azad olunması xalqın istəyidir. Otuz ildir məsləhət verdikləri bəsdir. Azərbaycan xalqı 30 il səbir etdi. Artıq işğal edilmiş torpaqlarımızın azad olunması 50 milyonluq azərbaycanlının birinci həyat amalıdır”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, döyüşlərlə, tətbiq olunmuş hərbi vəziyyətlə bağlı, şəhidlərimiz, yaralılarımızla bağlı yanlış məlumat yayanlar, xüsusilə də Ermənistan mətbuatının və sosial mediasının yaydığı saxta xəbərləri tirajlayan radikal müxalifətçilər nəzarətə götürülməlidir. Görünür, onlar müharibə şəraitindən istifadə edib ölkədə ictimai-siyasi sabitliyi poza bilmədiklərindən sosial şəbəkələrdə təxribat törətməyə çalışırlar.

Azərbaycan xalqının Ordusuna və Ali Baş Komandanına inandığını, güvəndiyini diqqətə çatdıran Sədaqət Vəliyeva deyib: “İnanıram ki, yaxın zamanda torpaqlarımızın azad olunması münasibətilə bir-birimizi təbrik edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.