REGİONLAR


Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya göstərib

Siyəzən, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz qəhrəmanlığını, torpağa, Vətənə sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan "Müstəqilliyə aparan yol: Ümummilli lider Heydər Əliyevin bu hadisələrə münasibəti" mövzusunda videokonfransda səsləndirilib.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin yanvarın 21-də Moskva şəhərindəki Azərbaycan nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə açıq etiraz etdiyini vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyevin faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə kəskin münasibət bildirməsi tarixi hadisədir.

Videokonfransda Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda inkişaf proseslərinin başlandığı diqqətə çatdırılıb. Bildirilib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması ilə nəticələndi.

Tədbir iştirakçıları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələri yada salıb, sovet ordusunun paytaxtda, eyni zamanda, bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıblar. O qanlı gecədə öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılıb.

Videokonfransda Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qalib gəlməklə şəhidlərimizin qisasının alındığı, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş oğullarımızın daim ehtiramla anılacağı qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.