ELM VƏ TƏHSİL
Azərbaycan xalqı öz iradəsi ilə koronovirus pandemiyasından xilas ola bilər
Bakı, 23 iyun, AZƏRTAC
Biz bu gün çox böyük təhlükə - yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma, onunla müharibə qarşısındayıq. Bu, adi müharibə deyil. Bizi böyük təhlükə qarşısında qoyan virus gözə görünmür, iyi, səsi yoxdur və onun bizi məhv etmək yolları haqqında məlumatımız yoxdur. Hazırda bu virusa qarşı vaksin və müvafiq dərmanlar da yoxdur. Böyük, güclü dövlətlər belə onun qarşısında acizdir. Ən qorxulusu odur ki, koronavirus bizim yaşamağımızı, bədənimizi oksigenlə təmin edən ən həssas üzvünü – ağ ciyərləri zədələyir. İnsan qidasız 8-10, susuz 3-4 gün yaşaya bilər, lakin oksigensiz 5-10 dəqiqədən artıq yaşamır. Oksigen çatışmazlığı beyinin, qara ciyərin və başqa orqanların fəaliyyətini dayandırır və insan həyatını itirir. Ağ ciyərlər sıxılıb–açılma yolu ilə bizi əhatə edən mühitdən havanı qəbul edir, çox incə yollarla qana və qan damarları vasitəsilə bədənin yaşamasını təmin edən üzvlərə daxil edir. Oksigensiz həyat mümkün deyil. Ona görə də bu virusun ağ ciyərlərin fəaliyyətinə təsiri çox qorxuludur. Virusa qarşı mübarizə aparmaq üçün dərmanların olmamasını nəzərə alaraq, özümüzü və ətrafdakılarımızı ondan qorumalıyıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 90 yaşlı alim Rafiq Qasımov söyləyib. O bildirib ki, yaxınlarımızı, cəmiyyətimizi koronavirusdan qorumaq hər bir vətəndaşın borcudur. Bunun üçün müəyyən qayda və şərtlərə riayət etməliyik. Dünyanı bürüyən pandemiyaya qarşı birgə mübarizə aparmaq üçün tibbi və ya parça maska taxmaq, sosial məsafə saxlamaq, təmizliyə riayət etmək, səbir etmək və qapalı məkanlarda sıxlıq yaratmamaq tövsiyə olunur.
“Qeyd olunanlara biganə qalmayaq, özümüzü, ailəmizi, millətimizi qoruyaq. Gecə-gündüz yatmayan, ailələrini aylarla görməyən həkimlərimizin, polis işçilərimizin əməyini itirməyək, onların gərgin və fasiləsiz fəaliyyətlərini dəyərləndirək. Dövlətimizin zəifləməsinə yol verməyək, çünki hər yeni xəstəyə minlərlə manat vəsait xərclənir, karantində keçən hər gün ölkə iqtisadiyyatına təsir edir. Gəlin birlikdə bütün dünyaya göstərək ki, Azərbaycan xalqı öz iradəsi və ağlı ilə koronavirus pandemiyasından xilas ola bilər”, - deyə qocaman alim tövsiyə edib.