SİYASƏT
Azərbaycana qarşı həyata keçirilən dezinformasiya kampaniyaları AŞPA-nın sessiyasında pislənilib
Strasburq, 12 aprel, AZƏRTAC
Bu gün söz azadlığı adı altında saxta informasiyalar yayanların sayı artır. Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror adlandırmaq olar. Azərbaycan dezinformasiyaya qarşı mübarizə aparır və bununla bağlı beynəlxalq təşəbbüsləri daim dəstəkləyir. Çünki Azərbaycan da dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir. Azərbaycan saxta informasiya təcavüzünə məruz qalır. Bu dezinformasiyaların əksəriyyəti məqsədli olaraq yayılır. Ermənistan başda olmaqla bəzi ölkələrin, bir sıra siyasi güclərin, erməni lobbisinin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir. Belə saxta informasiyalar ölkəmizdə olmayan, onu yaxşı tanımayan insanlarda yanlış fikirlərin yaranmasına səbəb olur. Bu, bizi ciddi narahat edir. Saxta informasiyalarla birgə fəal mübarizədə səylərimizi daha da gücləndirməliyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında qurumun Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva “Sosial media: ictimai mövzular, ya insan haqları üçün təhlükələr?” adlı qətnamə layihəsinin müzakirələri zamanı söyləyib.
Deputat bildirib ki, terror təşkilatlarının, terroru dəstəkləyən qrupların, radikallığı, nifrəti, islamofobiyanı və antisemitizmi gücləndirən qrupların sosial şəbəkələrdə artan fəallığı hamını ciddi narahat etməlidir. Yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən ciddi narahat olmalı və vaxtında tədbirlər görülməlidir. “Azərbaycanda “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda önəmli tədbir keçirildi. Bütün üzv ölkələrdə jurnalistlər, siyasətçilər və xüsusilə gənclərin iştirakı ilə bu mövzuda çoxlu sayda tədbirlərin, müzakirələrin keçirilməsinə, cəmiyyətlərin bu mövzularda geniş maarifləndirilməsinə ciddi ehtiyac var. Əks halda, biz getdikcə sosial mediadan sui-istifadənin ağır nəticələrinin qurbanı olacağıq”, - deyə Q. Paşayeva diqqətə çatdırıb. O vurğulayıb ki, fərdlər və cəmiyyətimiz üçün sosial medianın böyük faydalı potensialına baxmayaraq, onlardan sui-istifadə fərdi hüquqlarımıza və rifahımıza, demokratik institutların fəaliyyətinə və cəmiyyətlərimizin inkişafına kiberhədələr, kibertəqib, nifrət nitqi, zorakılıq və diskriminasiyaya təhrik, dezinformasiya və ictimai rəyin manipulyasiyası və siyasi proseslərə təsiretmə kimi çoxsaylı zərərli fəsadlara yol açır. Təəssüf olsun ki sosial mediada sui-istifadələr artır və hamımız artıq onun zərərlərini də ciddi hiss edirik. Çünki sosial media internetdə informasiya axınının tənzimlənməsində başlıca amildir. Müasir dünyada sosial media vasitəsilə yayılan və getdikcə daha da artan yanlış məlumatların dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrilməsi hamımızı ciddi narahat etməlidir. Yanlış məlumatlar insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vurur və fəaliyyətlərinə təhlükə yaradır. İnsanlar “dezinformasiya hücumu”na məruz qalırlar. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata keçirilməlidir. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik. Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə dezinformasiyalara qarşı mübarizə aparmaq olduqca çətindir. Ona görə də bu istiqamətdə səylərimizin birləşdirilməsinə ciddi ehtiyac var.
Deputat qeyd edib ki, qətnamə layihəsində vurğulandığı kimi, dövlət orqanları və internet şirkətləri ifadə və informasiya azadlığını müdafiə etmək səyləri ilə qanunsuz məzmunlu məlumatların yayılmasını dayandırmaq və keyfiyyətli məlumatın təmin edilməsi səylərini əlaqələndirməlidir. Sosial media şirkətləri müxtəlif mənbələr, mövzular, baxışlar, eləcə də keyfiyyətli informasiyanı təmin edərək, istifadəçilərin profilləri vasitəsilə yayılan qanunsuz materiallara, dezinformasiyaya qarşı effektiv mübarizə apararaq, ifadə və informasiya azadlığı hüquqlarını müdafiə edən daxili siyasətlərinə yenidən baxmalı və onu təkmilləşdirməlidirlər.
Nümayəndə heyətinin üzvü diqqətə çatdırıb ki, qətnamə layihəsində öz əksini tapan təklif və çağırışlar istiqamətində üzv ölkələrdə çalışmalar daha da genişlənməli, internet şirkətləri bu məsələlərə xüsusi diqqətlə yanaşmalı və tədbirlər görməlidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq