ELM VƏ TƏHSİL
Azərbaycanda Amur enlibaşı və Koreya kilqarını balıq növlərinə rast gəlinib
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan faunasında ilk dəfə Amur enlibaşı və Koreya kilqarını balıq növlərinə rast gəlinib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi Namiq Mustafayev “Azərbaycanın daxili su hövzələri balıqlarının morfo-bioloji və ekoloji xüsusiyyətləri, vətəgə balıqlarının ehtiyatlarının tənzim olunması yolları” mövzusunda doktorluq dissertasiya işinin müzakirəsi zamanı bildirib.
Bu balıq növlərinin yayılmasının, morfoloji, bioloji, ekoloji xüsusiyyətlərinin ətraflı öyrənildiyini bildirən N.Mustafayev deyib: “Tədqiqat zamanı məlum olub ki, hər iki növ Amur çayı hövzəsində yaşayan tipik növdən morfoloji əlamətlərinə görə fərqlənmir. Bu növlər yerli faunanın nümayəndələri ilə qida rəqabəti aparmaqla yanaşı, onların kürüləri ilə də qidalanmaqla balıq ehtiyatlarına mənfi təsir göstərirlər”.