MƏDƏNİYYƏT
Azərbaycanda “Rus dili millətin mədəni kodu və millətlərarası ünsiyyət vasitəsi kimi” layihəsinə start verilir
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 3-dən 9-dək Azərbaycanda “Rus dili millətin mədəni kodu və millətlərarası ünsiyyət vasitəsi kimi” təhsil, maarifçilik layihəsinin ikinci mərhələsi keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu layihə dünyanın ən zəngin dillərindən biri olan rus dilinin qorunub saxlanmasına və onun statusunun artırılmasına yönəlib.
Layihənin təşkilatçıları Kinofestivallar və beynəlxalq proqramlar mərkəzi, Moskvadakı L.N.Tolstoy Dövlət Muzeyi, “KinoFokus” şirkəti, Bakıdakı Rus Evi və Azərbaycan Dillər Universitetidir. Layihə Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə həyata keçirilir.
Aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində rus ədəbiyyatının iki klassikinin yaradıcılıq əlaqələrinə həsr edilmiş “Uğursuz talelər. Tolstoy və Dostoyevski” sərgisi açılacaq. Sərginin bələdçisi Moskvadakı L.N.Tolstoy Dövlət Muzeyinin elmi işçisi Yelizaveta Alekseyevadır. Layihə başa çatandan sonra sərginin eksponatları Bakıdakı Rus Evinə hədiyyə ediləcək.
Elə həmin gün axşam Beynəlxalq Muğam Mərkəzində klassik musiqi konserti olacaq. Rus və xarici ölkə bəstəkarlarının musiqisinə yazılmış operalardan ariyaları və romansları ümumrusiya və beynəlxalq müsabiqələr laureatları Mariya Paxar (soprano), İlya Xardikov (tenor), fortepiano partiyasını Sergey Semyonov ifa edəcək.
Aprelin 5-də Bakıdakı Rus Evində S.V.Raxmaninovun 150 illiyinə həsr edilmiş klassik musiqi konserti olacaq. Bu tədbir həmvətənlər və rus incəsənətinin həvəskarları üçün nəzərdə tutulur.
Aprelin 6-da Azərbaycan Dillər Universitetində filologiya elmləri doktoru, professor İrina Leşutina rus dilinin xarici dil kimi tədrisinin müasir metodlarına aid ustad dərsləri keçəcək.
Aprelin 7-də Bakıdakı Rus Evində Rusiya Federasiyasında təhsil sistemi və ali məktəblərarası əməkdaşlıq mövzusunda dəyirmi masa təşkil olunacaq. Tədbirin aparıcısı A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Yuri Kopılovdur.
Aprelin 8-də 1 nömrəli Uşaq Evində“Çudomobil” filmi nümayiş etdiriləcək. “Qısametrajlı kino günləri” beynəlxalq festivalın qalibi olmuş bu filmi rejissor Valentina Korovnikova təqdim edəcək.
Gənc tamaşaçılar bu filmi seyr edəndən sonra teatr və kino artistləri Leonid Semyonov və Mariya Lapşinanın ifasında “Çar Saltan nağılı” musiqili ədəbi tamaşaya baxacaqlar. Fortepiano partiyasını Nikita Koçeşkov ifa edəcək. Sonda “Samovar” nəşriyyatının “Məktəb kitabxanası” seriyasından olan kitabları uşaqlara hədiyyə kimi təqdim olunacaq.
Rusiya identikliyinin əsas amillərindən biri olan rus dili həm MDB ölkələri ilə, həm də Yaxın Şərq dövlətləri ilə əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.
“Rus dili millətin mədəni kodu və millətlərarası ünsiyyət vasitəsi kimi” layihəsinin əsas ideyası postsovet məkanındakı ölkələrlə mədəni-humanitar əməkdaşlığın möhkəmlənməsidir. Axı bu ölkələrlə Rusiyanı birləşdirən amil təkcə ortaq coğrafi ərazi deyil, həm də 70 ildən artıq ortaq tarixdir.
Layihənin proqramına daxil edilmiş müxtəlif janrlı tədbirlər hədəf auditoriyasına təsir göstərməyə və təhsil sahəsində innovasiyaları birləşdirməyə yönəlib.