CƏMİYYƏT


Azərbaycanda ailənin sağlamlığı məsələlərində ataların fəal iştirakı getdikcə artır

Bakı, 30 iyun, AZƏRTAC

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (BMTƏF) və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilən “Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili” layihəsi fəaliyyətini başa vurur.

Layihə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi (STİP) tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti (ATU) və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, iyunun 30-da İSİM-də layihənin yekunlarına dair “Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi üzrə işin təşkili” mövzusunda konfrans keçirilib.

Tədbirdə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, dünya ölkələri ilə yanaşı, son illər Azərbaycanda da ailənin sağlamlığı məsələlərində ataların və ailənin digər kişi üzvlərinin daha fəal iştirakı getdikcə artmaqdadır. Kişilərin göstərdiyi mənəvi və fiziki dəstəyin, habelə atalarla körpələri arasında hətta doğuşdan əvvəl erkən bağlılığın əhəmiyyəti artıq danılmaz sübutlara arxalanır. Tarixən ana və uşaqların sağlamlığı ilə məşğul olan tibb işçiləri işi əsasən analar və bəzən də ailənin qadın üzvləri ilə aparıb. İqtisadi və sosial dəyişikliklər, müasir həyat tərzi, qadın və kişilər arasında iqtisadi və sosial bərabərliyin inkişafı hamiləliyin planlaşdırılması, hamiləliyin gedişatı və uşaqların böyüdülməsi ilə bağlı yükün ana və ata arasında paylaşılmasını vacib edib. O, bu baxımdan layihənin rolunu xüsusi qeyd edib.

BMT-nin Əhali Fondunun Azərbaycandakı ölkə ofisinin rəhbəri Fərid Babayev təmsil etdiyi qurumun ölkədə gender bərabərliyi, gender əsaslı zorakılıq və onunla mübarizə, əhalinin, xüsusən də gənclərin cinsi və reproduktiv sağlamlıq və hüquqlarının təmin edilməsi kimi sahələr üzrə müxtəlif layihələr həyata keçirdiyini qeyd edib: "Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili" layihəsi də daxil olmaqla fəaliyyətimizin əsas məqsədlərindən birini ölkədə mövcud olan gender stereotipləri və onların səbəb olduğu zərərli adətlərlə mübarizə təşkil edir. Böyük təəssüf hissi ilə bildirirəm ki, hazırda ölkəmiz doğulan uşaqlar arasında cinsə görə nisbətin ən çox pozulduğu ölkələr arasında birinci yerdədir. Bunun əsas səbəbi oğlan uşaqlarına verilən üstünlük nəticəsində edilən selektiv abortların geniş şəkildə yayılmasıdır. Aparılan çoxsaylı tədqiqatlar onu göstərir ki, həmin problemin aradan qaldırılması istiqamətində həyata keçiriləcək ən əsas müdaxilə qadın və qızların səlahiyyətləndirilməsi və dəyərinin təbliğindən ibarətdir. Anlamaq zəruridir ki, kişilərin ailənin əsas qazanc gətirəni, yaşlı valideynlərə əsas maddi dəstək göstərən şəxs və s. amillərə görə nüfuzunun yüksək olması məhz qadınların ailə və uşağa qulluq və digər məişət işlərinin yükü altında şəxsi inkişaf, karyera pilləsi üzrə irəliləmə və daha yaxşı maddi resurslarla təmin edilməsinin mümkün olmaması nəticəsində baş verir. Layihə çərçivəsində hamiləlik, doğuş və uşağa qayğı prosesində analarla yanaşı, ataların da iştirakının təşviq edilməsinə çalışdıq. Layihə dövründə səhiyyə və tibb işçiləri üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. Düşünürəm ki, layihənin başa çatmasına baxmayaraq, belə təlimlərin davamlı olması üçün səylərimizi davamlı birləşdirməli və onun əhatə dairəsinin genişləndirilməsinə çalışmalıyıq".

Milli Məclisin deputatı Sədaqət Vəliyeva ölkəmizdə gender stereotiplərinin mövcudluğunu və bunun qarşısının alınması üçün tədbirlərin görüldüyünü qeyd edib: “Bundan əlavə, evlənmələr, boşanmalar, uşaqların təlim-tərbiyəsi, onlara diqqət və qayğının göstərilməsi istiqamətləri də vacibdir. Boşanmalardan ən çox ziyan çəkənlərdən biri uşaqlardır. Çünki nəticədə onlar bir tərəfin, daha çox da atanın diqqət və qayğısından məhrum olurlar. Odur ki, atanın uşağın təlim-tərbiyəsində iştirakına yönələn belə layihənin həyata keçirilməsi təqdirəlayiq haldır”.

Sonra İSİM-in nümayəndəsi Nabil Seyidov layihənin icrası zaman görülən fəaliyyət haqqında geniş məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi ana və uşaq sağlamlığı ilə məşğul olan ailə həkimləri, mama ginekoloqlar, mamalar, neonatoloq və pediatrlar tərəfindən hamiləlik, doğuş və uşağa qayğı prosesində analarla yanaşı, ataların da iştirakının təşviq edilməsi və onların geniş sanitar-maarifləndirmə işinə cəlb edilməsindən ibarət olub. Layihə çərçivəsində 30 səhiyyə və tibb işçisi üçün ailə planlaşdırılması, antenatal, perinatal və zahılıq dövründə qayğı, yenidoğulmuşlara qayğı mövzularında təlim kursu təşkil edilib. Təlim kursu əsasında hazırlanmış materialların “ecourses.az” veb-platformasında yerləşdirilməsi təmin olunub.

Tədbir məruzə və müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.