REGİONLAR


Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə təminatı sahəsində bütün zəruri addımlar atılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Şəki şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və şöbənin əməkdaşları, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

DQİDK-dən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova dövlət-din münasibətlərindən söz açıb. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətinin başlıca məqsədi Azərbaycanda dinlər arasında mövcud olan tolerantlıq mühitini qoruyub saxlamaqdır. O qeyd edib ki, hazırda ölkəmizdə, o cümlədən bölgədə dini sabitliyin hökm sürməsi həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini diqqətə çatdıran Z.Cavadova vurğulayıb ki, dini etiqad azadlığının təmin olunması, bölgədə dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə, eyni zamanda, məzhəblər arasında dini tolerantlığın qorunması, həmrəyliyin təmin edilməsi və dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi sahəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən silsilə tədbirlərin əhəmiyyətinə toxunub. Sədrin birinci müavini Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təminatı sahəsində bütün zəruri addımların atıldığını vurğulayıb, bu istiqamətdə dini icmalara fəal olmağı tövsiyə edib.

Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.