CƏMİYYƏT
Azərbaycanda gender bərabərliyinin hüquqi əsasları daha da möhkəmləndirilir
Bakı, 24 aprel, AZƏRTAC
Parlamentlərarası Birlik Beynəlxalq Təşkilatı və BMT-nin Qadın Təşkilatı “Gender-həssas parlamentlər və parlamentlərdə gender əsaslı hüquqi islahatlar” mövzusunda vebinar təşkil edib. Ölkəmizi bu tədbirdə Milli Məclisin deputatı Könül Nurullayeva təmsil edib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Azərbaycan parlamentinin bu sahədə təcrübəsini bölüşüb, eyni zamanda, müvafiq təkliflər irəli sürüb.
Könül Nurullayeva VI çağırış Azərbaycan parlamentində mandat qazanan deputatların 18,8 faizini qadınların, 30,36 faizini isə 45 yaşınadək olan kişilərin təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanda parlament sədrinin də qadın olduğunu bildirən deputat milli qanunverici orqanda gender bərabərliyinin yüksək səviyyəli təşviqindən də bəhs edib: “Bu illər ərzində Azərbaycan parlamenti gender bərabərliyinin hüquqi əsaslarını daha da möhkəmləndirib. 21 il əvvəl nazirliklərdə, dövlət komitələrində, eləcə də digər əlaqəli təşkilatlarda gender bərabərliyini təşviq etmək və ayrı-seçkiliyi aradan qaldırmaq məqsədilə iş yerlərinə gender məsuliyyəti olan insanlar təyin edilib. “Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı“ ilə bağlı layihə artıq hökumətə təqdim edilib”.
Könül Nurullayeva, həmçinin pandemiya dövründə Milli Məclisin müvafiq komitəsində məişət zorakılığına dair qanunun təkmilləşdirildiyini də diqqətə çatdırıb.