CƏMİYYƏT
Azərbaycanda ilk dəfə olaraq “Onlayn könüllü” proqramı həyata keçiriləcək
Bakı, 16 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi “Könüllü DOST” proqramı çərçivəsində Azərbaycanda ilk olacaq daha bir layihəni həyata keçirməyə hazırlaşır. Agentlik tezliklə “Onlayn könüllü” proqramını reallaşdıracaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, evdə və yaxud istənilən başqa məkanda olanda da DOST Agentliyinin könüllüsü kimi fəaliyyət göstərmək mümkündür. Bunun üçün yalnız kompüter, planşet və ya smartfon kifayət edəcək.
Proqram həmçinin əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından uyğunluq təşkil edir və onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələri üçün yaxşı imkan yaradır.
“Onlayn könüllü”lər təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqları onlayn qaydada yerinə yetirəcəklər.
Yaxın günlərdə namizədlərin qeydiyyatı barədə məlumat veriləcək.