REGİONLAR
Azərbaycanda istehlakçıların hüquqları qorunur VİDEO
Şabran, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 19-da Şabran şəhərində “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, maarifləndirmə tədbiri İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması məqsədilə təşkil edilib.
Aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və istehlakçıların iştirakı ilə keçirilən konfransda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev 2014-cü ilin yanvar-oktyabr ayları ərzində bu qurum tərəfindən keçirilmiş nəzarət tədbirləri barədə məlumat verib. Bildirilib ki, qeyd edilən müddətdə mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 48,7 ton ərzaq malları qanunamüvafiq qaydada satışdan çıxarılaraq məhv edilib.
Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, 2014-cü ilin əvvəlindən ötən dövr ərzində istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində 16 adda 83 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanılıb.
Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam etdirilib. Çıxışlarda istehlakçılara öz hüquqlarının müdafiəsində fəal olmaq, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etmək, malların keyfiyyət və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirmələri tövsiyə olunub.
İştirakçıların diqqətinə çatdırılıb ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat versinlər. Eyni zamanda 498-15-01 və 498-15-04 nömrəli telefonlar, nazirliyin internet saytı və “Facebook” səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat vermək mümkündür.
Tədbirin sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.