İDMAN


Azərbaycanda keçirilməsi nəzərdə tutulan yarışların təşkili ölkəmizdə COVID-19 ilə mübarizədə düzgün addımların atılmasının göstəricisidir

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan növbəti dəfə mötəbər idman yarışlarına ev sahibliyi edir. Bu günlərdə ölkəmizdə Formula 1 Azərbaycan Qran-Prisi keçirilir. Bir neçə gündən sonra start götürəcək futbol üzrə Avropa çempionatının isə dörd oyunu ölkəmizdə təşkil olunacaq. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etmək ənənəsini nəzərə alsaq, burada qeyri-adi heç bir hal görmərik.

Bunu Milli Məclisin deputatı Şahin İsmayılov AZƏRTAC-a açıqlamasında bildirib.

Deputat deyib: “Düşünürəm ki, bu dəfə biz məsələlərə başqa prizmadan yanaşmalıyıq. Əvvəla, qeyd etmək istərdim ki, COVID-19 pandemiyasına qarşı bütün dünyada vaksinasiya prosesi sürətlənir və yoluxmaların sayında azalma müşahidə olunur. Lakin heç də hər ölkədə müsbət tendensiya hiss olunmur. Kritik vəziyyətin hələ də davam etdiyi dövlətlər var. Yalnız pandemiyaya qarşı düzgün strategiya qurmuş ölkələr vəziyyətə nəzarət edə bilir. Pandemiya səbəbindən bir sıra ölkələrdə keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər və idman yarışları ləğv olunub. Ölkəmizdə keçirilməsi nəzərdə tutulan yarışların təşkili isə məhz COVID 19-a qarşı düzgün addımların atılmasının göstəricisidir”.

Bu baxımdan ən mühüm amil kimi, Vətən müharibəsini xüsusi vurğulayan Ş.İsmayılov beynəlxalq yarışlara ev sahibliyi zamanı təşkilatçılar qarşısında duran ən böyük sualın məhz təhlükəsizliklə bağlı olduğunu diqqətə çatdırıb: “Vətən müharibəsinin bitməsindən az vaxt keçməsinə baxmayaraq, Azərbaycan qarşısında təhlükəsizliklə bağlı hər hansı sual çıxmayıb. Azərbaycanda yarışın keçirilməsinə məsul olan qurumlar ötən illərdəki kimi, yenə də yüksək peşəkarlıq göstərirlər. Ölkəmiz etibarlı tərəfdaş kimi nüfuzunu qoruyur. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə yeni turizm imkanları da yarandı. Hər bir azərbaycanlı əmindir ki, işğaldan azad olunmuş ərazilərdə ən qısa vaxtda infrastruktur, o cümlədən turizm infrastrukturu qurulacaq. Erməni vəhşilərinin məhv etdiyi ərazilərimiz turizm cənnətinə dönəcək. Yüz milyonlara izləyicisi olan bu qəbildən beynəlxalq yarışlar isə təbii ki, həmin ərazilərin qısa zamanda Azərbaycanın yeni turizm mərkəzləri kimi tanınmasına yardımçı olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.