CƏMİYYƏT
Azərbaycanda körpələrin 36 faizi 3 aya qədər, 42 faizi isə 6 aya qədər ana südü ilə qidalanır
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycanda körpələrin 36 faizi 3 aya qədər, 42 faizi isə 6 aya qədər ana südü ilə qidalanır.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova Səhiyyə Nazirliyinin instagram hesabında canlı yayımlanan “Uşaq sağlamlığı” mövzusundakı çıxışı zamanı deyib.
Mütəxəssis bildirib ki, Səhiyyə Nazirliyi bu göstəricilərin 100 faizə qalxması üçün müvafiq tədbirləri həyata keçirəcək.
A.Zeynalova, həmçinin vurğulayıb ki, gənc analar doğuşdan sonra evə yazıldıqda körpələrini ana südü ilə qidalandırmaları üçün mütləq təşviq edilməlidirlər: “Evdə olan digər böyüklər, o cümlədən atalar da bir sıra mövzularda maarifləndirilməlidirlər. Tibb işçilərinin birinci vəzifəsidir ki, əmzikli şüşələrin risk daşıdığı barədə anaları məlumatlandırsınlar. Əmzikli şüşələrdən qidalandırma zamanı istifadə birmənalı olaraq təbliğ edilməməlidir”.