ELM VƏ TƏHSİL
Azərbaycanda külək elektrik stansiyalarının yer seçimində coğrafi informasiya sistemləri tətbiq olunur
Bakı, 22 noyabr, AZƏRTAC
AMEA-nın Coğrafiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyev “Azərbaycanda külək elektrik stansiyalarının yer seçimində coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda təqdimatla çıxış edib.
Məruzəçi bildirib ki, Azərbaycanda elektrik enerjisinin 91,9 faizini verən istilik elektrik stansiyalarından atmosferə ildə 18,5 milyon ton karbon qazı buraxılır. Eyni zamanda, elektrik enerjisi istehsalına milyardlarla kubmetr təbii qaz sərf olunur. Dünya ölkələrinin illik karbon emissiyalarının həcmi 45 milyard tona çatıb ki, bu da orta illik temperaturun artmasına və qlobal istiləşməyə gətirib çıxarıb. Bunun qarşısını almaq məqsədilə son 10 ildə bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının qurulmasına dünyanın 146 ölkəsi ümumilikdə 2,6 trilyon ABŞ dolları investisiya yatırıb. Atmosferə buraxılan karbon qazı tullantılarının həcmini azaltmaq üçün istilik elektrik stansiyaları tədricən alternativ enerji mənbələrinə əsaslanan stansiyalarla əvəz olunur.
Tədqiqatçı 1990-2015-ci illərin külək meteoroloji məlumatları əsasında Abşeron yarımadası, Culfa və Ordubad rayonlarının yüksək potensiala malik olduğunu müəyyənləşdirib. O, coğrafi informasiya sistemlərinin köməyi ilə külək turbinlərinin işləməsi üçün minimum sürəti 3,5 m/s-dən yüksək olan ərazilərin ümumi sahəsini hesablayıb, turbinlərin texniki xüsusiyyətlərini təhlil edərək istehsal oluna bilən elektrik enerjisinin miqdarını təyin edib. Azərbaycanda külək elektrik stansiyalarının yerləşdirilməsi üçün CİS proqramları vasitəsilə ümumi optimal ərazilərin sahəsi müəyyənləşib, ölkənin elektrik tələbatını ödəmə qabiliyyəti yüksək səmərəliliyə malik 56 məntəqədə tədqiq olunub.
Müəyyən edilib ki, Azərbaycanda elektrik enerjisinə tələbatın 17 faizini külək elektrik stansiyaları vasitəsilə almaq mümkündür. Bu, həm də Azərbaycanın qəbul etdiyi Paris sazişində karbon tullantılarının azaldılması ilə bağlı götürdüyü öhdəliyin yerinə yetirilməsi və dayanıqlı enerjidən istifadə edən ölkələrdən geri qalmaması üçün əhəmiyyətlidir.