SİYASƏT
Azərbaycanda milli azlıqların hüquqlarının qorunması ədalətli şəkildə təmin edilmişdir
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının üçüncü iş günündə müzakirəyə çıxarılan “Mədəniyyətlərarası cəmiyyətlərdə identiklik (fərdliliklər) və müxtəlifliklər” mövzusunda çıxış etmişdir.
S.Fətəliyeva Azərbaycanda çoxmədəniyyətliliyin əsrlərdir mövcud olduğunu bildirərək vurğulamışdır ki, bu, nəinki dövlət siyasəti, həmçinin həyat tərzidir. Ölkədə müsəlmanlar, xristianlar, yəhudilər və atəşpərəstlər tarixən yanaşı yaşamış və birlikdə fəaliyyət göstərmişlər. Milli azlıqların hüquqlarının qorunması ədalətli şəkildə təmin edilmişdir. Azərbaycanda heç zaman hansısa millətə qarşı fobiyalar mövcud olmamışdır. Ermənistan isə əksinə təkmillətli ölkədir. Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlamamışdan əvvəl orada minlərlə azərbaycanlı yaşamışdır. Lakin etnik təmizləmə vasitəsilə kütləvi şəkildə və sürətlə təcrid olunmuşdur. Bu gün orada bir nəfər də azərbaycanlı qalmamışdır. Dağlıq Qarabağın erməni əhalisi Dağlıq Qarabağdakı azərbaycanlı əhaliyə nisbətdə daha çox idi. Onlar Azərbaycanda təhlükəsiz və azad şəraitdə yaşayırdılar, amma yenə də xüsusi hüquqlar tələb edirdilər. Azərbaycan torpaqlarında yaşayan ermənilər faktiki olaraq Dağlıq Qarabağdakı azərbaycanlıların hər birini məcburi köçkünə çevirdilər, onları işgəncələrə məruz qoydular. Onlar bu yolla orada yüz illərdir yaşayan azərbaycanlıları təməl hüquqlarından məhrum etdilər, öz yurdlarından, ata-baba torpaqlarından didərgin saldılar. Bu, onların törətdiklərinin cüzi hissəsidir.
S.Fətəliyeva demişdir: “Qeyd olunanları nəzərə alaraq və milli azlıqların hüquqlarının qorunmasının ciddi şəkildə təmin edilməsi istiqamətində təşəbbüslərimizi gücləndirərək qətiyyətlə bütün mənfi tendensiyalara qarşı mübarizə aparmalıyıq”.