REGİONLAR
Azərbaycanda müxtəlif dinlər və məzhəblər arasında möhkəm vəhdət var
Lənkəran, 29 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Göyşaban kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, DQİDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi, Lənkəran Şəhər İcra Hakimiyyətinin Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov xalqımızın zəngin milli-mənəvi dəyərlərindən danışaraq, ölkəmizdə müxtəlif dinlər və məzhəblər arasında möhkəm vəhdətin olduğunu bildirib.
DQİDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Məmmədova çıxışında İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.
Dini radikalizm, ekstremizm və onların fəsadları haqqında danışan N.Məmmədova milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif Xamıyev və başqaları mövzu ilə bağlı təkliflərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.