CƏMİYYƏT
Azərbaycanda qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində görülən tədbirlər yüksək qiymətləndirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 109-cu sessiyasında iştirak etmək məqsədilə Cenevrədə səfərdədir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, noyabrın 28-də sessiya çərçivəsində keçirilmiş ümumi müzakirələrdə çıxış edən V.Hüseynov miqrasiyanın qlobal inkişaf gündəliyində önəmli yer tutduğunu bildirib, Azərbaycan Hökumətinin qanuni miqrasiyanın təşviqi və sadələşdirilməsi istiqamətində atdığı addımlar barədə BMqT-yə üzv dövlətlərin nümayəndələrini məlumatlandırıb. Dünyada məcburi köçürülən şəxslərin əksəriyyətinin yaşadıqları ölkələrdə köçürülmüş şəxslər olduğuna diqqəti çəkən Xidmət rəisi Ermənistanın işğalı nəticəsində 700 mindən çox həmvətənimizin məcburi köçkünə çevrildiyini qeyd edib. V.Hüseynov hazırkı status-kvonun regionda miqrant qaçaqçılığı və insan alveri risklərini artırdığını bildirib, bunun da qlobal miqrasiyaya təhdid olduğunu vurğulayıb.
BMqT-nin baş direktoru Antonio Vitorino Azərbaycanın miqrasiya idarəçiliyi modelinin yaxşı nümunə olduğunu qeyd edib, ölkəmizin məcburi köçkünlərlə bağlı narahatlığını bölüşdüyünü diqqətə çatdırıb.
Həmin gün DMX rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) Filippo Qrandi ilə görüşüb.
Görüşdə V.Hüseynov Azərbaycan Hökumətinin humanitar sahədə əsas beynəlxalq tərəfdaşlarından olan BMT QAK ilə uzunmüddətli faydalı əməkdaşlığın mövcud olduğunu qeyd edib. Azərbaycanda səmərəli sığınacaq sisteminin yaradılmasında BMT QAK tərəfindən göstərilən dəstəyin önəmini vurğulayan Xidmət rəisi bu sahədə milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. O, BMT Baş Məclisi tərəfindən bu il qəbul olunması nəzərdə tutulan Qaçqınlar üzrə Qlobal Kompaktın qaçqınların müdafiəsi və problemlərinin həlli ilə bağlı yeni qlobal yanaşmalar üçün başlanğıc nöqtəsi olacağına ümid etdiyini bildirib. V.Hüseynov məcburi köçkün problemi ilə üzləşən Hökumətin nümayəndəsi kimi sonuncu kateqoriyadan olan şəxslərin problemlərinin də diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.
F.Qrandi Azərbaycan ilə mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, BMT QAK-ın qaçqınların və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsində Azərbaycan Hökumətinə bundan sonra da dəstək verəcəyini diqqətə çatdırıb. Ali komissar Azərbaycanın üzləşdiyi qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Görüşdə mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbir və görüşlərdə Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.