İQTİSADİYYAT
“Azərbaycanda sosial sahibkarlıq üçün imkanlar” adlı forum keçiriləcək
Bakı, 30 aprel, AZƏRTAC
Mayın 6-da Bakı Biznes Mərkəzində “Education HUB” və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Niderland Krallığının Xarici İşlər Nazirliyi, Qafqaz Tədqiqatlar və Resurs Mərkəzinin tərəfdaşlığı ilə “Azərbaycanda Sosial Sahibkarlıq üçün İmkanlar” adlı forum keçiriləcək.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, forumda respublikamızda akkreditasiya olunmuş beynəlxalq təşkilatların, səfirliklərin, maliyyə və müvafiq dövlət qurumlarının, Milli Məclisin, media nümayəndələri, eləcə də Estoniya, Qazaxıstan və Gürcüstandan olan ekspertlər iştirak edəcək.
“Sosial sahibkarlıq davamlı inkişaf modeli kimi” panelində dövlət qurumlarının nümayəndələri, sosial sahibkarlar Azərbaycanda sosial sahibkarlığın inkişaf istiqamətləri və regionların inkişafına töhfəsini müzakirə edəcək. İkinci paneldə Azərbaycanda sosial sahibkarlığa dair hazırlanmış ilk tədqiqatın tezisləri təqdim olunacaq. Sosial sahibkarlıqla bağlı qanun layihəsi üçün ilkin təkliflər səsləndiriləcək, sosial sahibkarlığın gələcək inkişafı üçün təkliflər Milli Məclisin deputatları ilə birlikdə panel müzakirəsinə çıxarılacaq.
Üçüncü panel beynəlxalq sosial sahibkarlıq təcrübələrinə həsr olunacaq. Estoniya, Qazaxıstan və Gürcüstandan olan ekspertlər öz ölkələrində sosial sahibkarlığın əhəmiyyəti, əldə etdikləri uğurları forum iştirakçıları ilə paylaşacaqlar.