İQTİSADİYYAT
Azərbaycanda su ehtiyatlarını peyk təsvirləri ilə 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq
Bakı, 5 mart, AZƏRTAC
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (ASC) “Virtual Azerbaijan Group of Companies”in təşəbbüsü ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı olub. Tərəflər ölkəmizin su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiqat edilməsi barədə müzakirələr aparıblar.
Qeyd edilib ki, hazırda ölkəmizdə yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir. “Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkəmizdə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 80- 95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da öz növbəsində ölkəmizdə su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən ala bilərsiniz.
“Virtual Azərbaycan Qrup of Kompani” MMC Azərbaycanda su sistemlərinin avtomatlaşdırılması üzrə çoxillik təcrübəyə malikdir. Şirkət su sistemlərinin avtomatlaşdırılması sahəsində, nasos və subartezianların avtomatlaşdırılmış qaydada uzaqdan idarəedilməsi, su kadastrının və suvarma sularının ödəmə sisteminin yaradılmasında təcrübəyə malikdir.