İDMAN
Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq qolf turniri keçiriləcəkdir VİDEO
Bakı, 29 aprel (AZƏRTAC, Arzu Rəcəbova). AZƏRTAC xəbər verir ki, bu il iyunun 6-dan 8-dək Qubadakı Milli Qolf Klubunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq qolf turniri keçiriləcəkdir. Bununla əlaqədar, aprelin 29-da Azərbaycan Qolf Federasiyasında mətbuat konfransı olmuşdur.
Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov qeyd etmişdir ki, respublikamızda ilk dəfə keçiriləcək beynəlxalq qolf turniri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilir.
İyulun 30-dan avqustun 3-dək Qubada daha bir yarış – “European Tour” çərçivəsində “Challenge Tour” turniri təşkil ediləcəkdir. Azərbaycanda dünyanın müxtəlif ölkələrini təmsil edən 72 qolf ustası çıxış edəcəkdir.
Anar Məmmədov demişdir: “2012-ci ildə Azərbaycanda Qolf Federasiyası yaradılmış, 2013-cü ildə isə Qolf Akademiyası açılmışdır. Məqsədimiz 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək olimpiadaya vəsiqə qazanmaqdır. Azərbaycan komandasında hələlik əsasən əcnəbi idmançılar çıxış edəcəklər. Biz öz kadrlarımızı da yetişdirməyi planlaşdırırıq. Bundan əlavə, xaricdə yaşayan və bizim yığmanın heyətində çıxış etmək arzusunda olan azərbaycanlılar da var. Əminəm ki, qolf idmanı Azərbaycanda mühüm yer tutacaqdır”.
Qolf üzrə Azərbaycan yığmasının baş məşqçisi Spenser Henderson qeyd etmişdir ki, hazırda ölkəmizdə 1000 nəfərə yaxın məktəbli qolf ilə məşğul olur və idmanın bu növü üzrə beynəlxalq turnir keçirilməsi ölkəmizdə qolfun inkişafına böyük təkan verəcəkdir. O vurğulamışdır ki, European Tour turunun rəhbəri Nik Tarratt Qolf Akademiyasında və milli Qolf Klubunda olmuş, Azərbaycan Qolf Federasiyasının fəaliyyətini yüksək qiymətləndirmişdir.