SİYASƏT


Azərbaycanda yaşadığım 7 ayda böyük təcrübə qazandım

Azərbaycanda yaşadığım 7 ayda  böyük təcrübə qazandım

London, 1 noyabr, AZƏRTAC  

Böyük Britaniyada təhsil almış rumıniyalı sosioloq Teodora Pantu Azərbaycanda yeddi ay müəllim kimi fəaliyyət göstərib. O, ölkəmizlə bağlı təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.

- Azərbaycanda yaşamaq və ölkəmizi daha yaxından tanımaq fikrinə necə gəldiniz?

- Böyük Britaniyada magistr pilləsi üzrə təhsil aldığım müddətdə azərbaycanlı tələbələrlə tanış olmuşdum. Onların mehribanlığı, səmimiliyi məni cəlb etdi. Azərbaycanlı yoldaşlarım sayəsində bu ölkə ilə əlaqədar bir çox tədbirlərdə, bayram şənliklərində iştirak etdim. Təhsilimi başa vurduqdan sonra iş həyatına geri dönməzdən əvvəl hər hansı bir ölkəni ziyarət etmək, yeni insanlarla tanış olmaq fikrində idim. Britaniyada Azərbaycan haqqında müsbət düşüncələr qazanmağım məni bu ölkəni daha yaxından tanımağa, hətta orada bir müddət yaşamağa sövq etdi.

- Sizdə Azərbaycan haqqında hansı təəssüratlar yarandı? Ölkəmizdə daha çox nələr xoşunuza gəldi?

- Azərbaycanda məni daha çox cəlb edən ilk növbədə insanların mehribanlığı, qonaqpərvərliyi oldu. Azərbaycanlılar çox nəzakətlidirlər. Mən dünyanın bir çox ölkələrində olmuşam, lakin Azərbaycandakı kimi səmimi, yardımsevər insanları indiyədək heç yerdə görməmişəm. Fərqli mədəniyyətlərə mənsub olmağımıza baxmayaraq, Bakıda yaşadığım müddətdə sirdaş, dost deyə biləcəyim xeyli insanla tanış oldum. Mən gələcəkdə mütləq ölkənizə yenidən səfər edəcəyəm.  

Bakı şəhəri mənim çox xoşuma gəldi. Azərbaycan paytaxtının heyrətamiz arxitekturası, xüsusilə gecələr şəhərə daha da gözəllik verən işıqlar insanı valeh edir. Bakı artıq dünyanın ən gözəl şəhərləri sırasında öz yerini tutub.  

Azərbaycanın milli mətbəxi də olduqca zəngindir. Çox dadlı yeməkləriniz var. Azərbaycanda yaşamaq məndə çox xoş təəssüratlar yaratdı.

Mən Azərbaycanda yaşadığım müddətdə Şəkidə, Qəbələdə, Qubada, Qusarda, Gəncədə də oldum. Ölkənizin qədim tarixi və zəngin mədəniyyəti ilə yaxından tanışlıq məndə böyük maraq oyatdı. Azərbaycanın dünya mədəni irsinə töhfələrinin də çox böyük olduğunu öyrəndim. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda yaşadığım 7 ayda böyük təcrübə qazandım.

- Rumıniyada yaşayan insanların Azərbaycanla bağlı fikirlərini bilmək maraqlı olardı.

- İlk növbədə qeyd edim ki, Azərbaycanda ölkə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində son illərdə əldə edilmiş uğurlar, bütün sahələrdə sürətli inkişaf prosesləri, “Eurovison-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini bu ölkəyə daha çox cəlb edib. Son vaxtlar Azərbaycana səfər edən turistlərin sayı xeyli artıb.

Məlumdur ki, gələn il Azərbaycan Avropa Oyunları kimi mötəbər idman tədbirinə ev sahibliyi edəcək. Bu, ölkənin təkcə Avropada deyil, bütün dünyada nüfuzunun daha da artmasında böyük rol oynayacaq. Təbii ki, bütün bu uğurlardan Rumıniyada da insanlar xəbərdardırlar. Mən Azərbaycanda gördüklərimi, öyrəndiklərimi dost-tanışlarıma, qohumlarıma danışıram. Deyirəm ki, Azərbaycanda olmayanlar mütləq bu ölkəyə səfər etməlidirlər.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.