REGİONLAR
Azərbaycanda yaşayan azsaylı xalqlar arasında qarşılıqlı hörmət yüksək səviyyədədir
Astara, 11 yanvar, Bağır Əliyev, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Astara rayonunun Təngərüd kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, dini icmaların rəhbərləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə multikulturalizmin Azərbaycan modelinin məntiqi və ideya davamı kimi İslam həmrəyliyinin Azərbaycan nümunəsi və xalqımızın zəngin milli-mənəvi dəyərləri haqqında danışıb. O, ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, dini icmaların həmrəylik, birlik şəraitində fəaliyyət göstərdiyini qeyd edərək, belə bir mühitdə dini radikalizmə yer olmadığını diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli çıxışında əsrlərboyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və məzhəblər arasında mövcud olan qarşılıqlı hörmət, etimad və həmrəylik münasibətlərini yüksək səviyyədə olduğunu bildirib.
Kijəbə qəsəbə icra nümayəndəsi Şahin Əmənullayev, bələdiyyə sədri Ağadadaş Qənbərov və başqaları mövzu ilə bağlı təkliflərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.