SİYASƏT
Azərbaycandakı diplomatik korpusun nümayəndələri son hadisələr barədə məlumatlandırılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Xarici İşlər Nazirliyində ölkəmizdəki diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib. Görüşdə onlara son hadisələr barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov sentyabrın 28-də ölkəmizdəki diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib: “Görüşdə, eyni zamanda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinə göstəriş verilib ki, erməni təxribatları barədə məlumatlar verilsin. Biz Azərbaycanda akkreditasiya olunan səfirlik nümayəndələrindən xahiş edirik ki, bu hadisələri obyektiv qiymətləndirsinlər”.
İyul təxribatları zamanı xaricdə azərbaycanlıların dinc aksiyalarına qarşı təxribatların törədildiyini, hücumların olduğunu deyən C.Bayramov bildirib: “Bu gün xarici ölkələrin səfirlərinin burada olmasından istifadə edərək, ölkələrinizdə bu cür təxribatların həyata keçirilməməsi, diplomatlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində əməli tədbirlərin həyata keçirilməsini xahiş edirik”.