REGİONLAR
Azərbaycandakı tolerantlıq mühiti və multikultural dəyərlər bütün dünyaya nümunədir
Astara, 26 noyabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Təngərüd kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “İslam dinində sülh və həmrəylik çağırışları” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Təngərüd kənd məscidi dini icmasının sədri Vahid Allahverdiyev dövlətimizin dinimizə olan qayğısından danışaraq, layihə çərçivəsində keçirilən maarifləndirici tədbirlərin kənddəki həmrəyliyi və vəhdəti daha da gücləndirəcəyinə əminliyini ifadə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə çıxışında xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu və bu dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Turan Həsənzadə ölkəmizdəki tolerant mühitin və multikultural dəyərlərin İslam dünyasına, bütövlükdə isə bütün dünyaya nümunə olduğunu diqqətə çatdırıb.
Astara Rayon İcra Hakimiyyətinin Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleyman Ağacanov və başqaları çıxışlarında “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsinin milli-mənəvi və dini dəyərlərin təbliği, kənd ictimaiyyətinin, xüsusən də gənclərin bu mövzularla əlaqədar maarifləndirilməsi baxımından vacibliyini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.