REGİONLAR
Azərbaycanı dünyaya tanıdan lider





Göygöl, 31 may, Elcan Məmmədov, AZƏRTAC
Göygöl Rayon İcra Hakimiyyəti, YAP Göygöl rayon təşkilatı və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” ilə bağlı silsilə tədbirlər çərçivəsində “Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tədbiri açıq elan edərək, “Heydər Əliyev İli” ilə bağlı rayonda keçirilən silsilə tədbirlərdən söhbət açıb, çoxsaylı tədbirlərin davamı olaraq bugünkü tədbirin mahiyyətindən, Heydər Əliyev irsinin gənc nəslə aşılanmasının vacibliyindən danışıb.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi olduğunu vurğulayaraq, Ulu Öndərin xalqımıza bəxş etdiyi müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından, cəmiyyətin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolundan, bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışıb.
Göygöl Uşaq Musiqi Məktəbinin direktoru Nuranə Quliyeva “Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri var. Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız dahi rəhbəri özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu dünyada qoşa səslənəcək.
Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Nurəddin Babazadə, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından söhbət açaraq bildirib ki, Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək və yeni-yeni zəfərlərə nail olacaq.
Tədbir digər çıxışlarla davam edib.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.