MƏDƏNİYYƏT


“Azərbaycanım” uşaq rəsm festivalı müsabiqəsinin iştirakçıları müəyyənləşib

Bakı, 15 may, AZƏRTAC

“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində elan edilən müsabiqəyə seçimlər başa çatıb və festival iştirakçıları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

“Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan müsabiqə rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədilə keçirilib.

Müsabiqədə 150-dən çox yaradıcılıq mərkəzi iştirak edib.

Qeyd edək ki, sərgilənmək üçün seçilən 500-ə yaxın əsər ölkəmizin müxtəlif bölgələrindən qatılan 1500-ə yaxın yeniyetmə və gəncin təqdim etdiyi 2000-dən çox əsərin arasından seçilib.

Əsəri sərgilənən müəlliflər sertifikatla və müsabiqənin iştirakçıları olan fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Həmçinin, 3 yaş kateqoriyası üzrə ən yaxşı 30 əsərin müəllifi festivala dəvət olunacaq, festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Sərginin kataloquna Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin sosial media hesablarından, həmçinin aşağıdakı linkə keçid etməklə baxmaq olar.

https://www.yumpu.com/xx/document/read/65626616/azerbaycanm-4-cu-usaq-rsm-festivali-cercivesinde-onlayn-resm-sergisi-2021

Tədbirin mətbuat dəstəkçiləri AZƏRTAC, Lider TV, Olaylar və Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az portalları və “Tanışolaq” jurnalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.