İDMAN
Azərbaycanın 20-ci qızıl medalı!
Bu uğura Pərviz Bağırov imza atdı VİDEO
Bakı, 27 iyun, Samirə Allahverdiyeva, Abbasəli Yadigarov, AZƏRTAC
İyunun 27-də Azərbaycan boksçuları birinci Avropa Oyunlarında milli komandamıza 20-ci qızıl medalı qazandırıblar.
AZƏRTAC xəbər verir ki, boks yarışlarında 69 kiloqram çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Pərviz Bağırov rusiyalı Aleksandr Besputini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da final qarşılaşmasına baxıblar.
Bu çəki dərəcəsində bürünc medalları Ukrayna idmançısı Yaroslav Samofalov və britaniyalı Yoş Kelli qazanıblar.
P.Bağırov birinci Avropa Oyunlarında qələbəyə gedən yolda bütün rəqiblərini 3:0 hesabı ilə məğlub edib. O, müvafiq olaraq Vasili Belousu (Moldova), Abas Baraounu (Almaniya) və Yoş Kellini (Böyük Britaniya) mübarizədən kənarlaşdırıb.
AZƏRTAC-ın arayışı: İdman karyerasına 2007-ci ildə başlayan Pərviz Bağırov ilk böyük uğurunu 2011-ci ildə əldə edib. O, Dublində keçirilən gənclər arşında Avropa çempionatının qalibi olub. İdmançımızın ən böyük arzusu Olimpiya Oyunlarının çempionu olmaqdır.
“Neftçi” klubunun üzvü olan P.Bağırovun məşqçisi Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərovdur.