İQTİSADİYYAT
Azərbaycanın 940 milli standartının 45 faizi beynəlxalq standartlara uyğunlaşdırılıb
Bakı, 12 aprel, Elvin Camalov, AZƏRTAC
Azərbaycanın 940 milli standartının 45 faizi beynəlxalq standartlara uyğunlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov aprelin 12-də Bakıda keçirilən IV Beynəlxalq “Caspian Energy Forum-2017”də deyib. Komitə sədri bildirib ki, “Texniki tənzimləmə haqqında” qanun hələ qəbul olunmadığı üçün standartlar məcburidir.
İxrac potensialının gücləndirilməsi barədə danışan R.Həsənovun sözlərinə görə, ixracın təmin edilməsi üçün məhsul və istehsal sahələri olmalıdır. Bunun üçün dövlət tərəfindən böyük işlər görülüb və görülməkdədir: infrastruktur baxımından yollar və elektrik şəbəkələri təmin olunub. İş adamları bu infrastrukturdan yararlanmalı, öz məhsullarını xarici bazarlara ixrac etməyə çalışmalıdırlar. İkinci vacib məsələ istehsal edilən məhsulların ixrac olunduğu ölkələrin normativ sənədlərinə uyğunluğudur. Komitə tərəfindən bununla bağlı böyük islahatlar aparılır. 2008-ci ildə Avropa İttifaqı ilə “Tvinninq” layihəsini həyata keçirilib və avropalı ekspertlərin köməyi ilə “Standartlaşma haqqında” qanun hazırlanıb.
Keyfiyyət infrastrukturunun inkişafına toxunan R.Həsənov qeyd edib ki, metrologiya sahəsində ölçmələr düzgün olmazsa, məhsulun təhlükəsizliyindən söhbət gedə bilməz. “Bu sahədə də Avropa İttifaqı ilə “Tvinninq” layihəsi həyata keçirilib. Milli etalon bazası yaradılıb və bu iş davam etdirilir. Azərbaycan metrologiya sahəsində müvafiq beynəlxalq təşkilatlara qəbul olunub. Bu da bizim ölçmələrin tanınmasına xidmət edir. Ölçmələrin tanınması isə məhsulun ixracına birbaşa olmasa da dolayısı ilə təkan verir”, - deyə komitə sədri vurğulayıb.
Keyfiyyət infrastrukturunun digər vacib atributunun akkreditasiya sistemi olduğunu bildirən R.Həsənov deyib: “Bizim akkreditasiya olunmuş laboratoriyaların verdiyi sənədlər bir çox ölkədə tanınmır. Bununla bağlı 2017-ci ildə yenidən Avropa İttifaqı ilə “Tvinninq” layihəsi nəzərdə tutulub. Məqsəd bizim Akkreditasiya Xidmətinin və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda, Akkreditasiya Xidmətinin işinin beynəlxalq miqyasda tanınmasından ibarətdir”.