MƏDƏNİYYƏT
Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndinin əsərləri Portuqaliyada sərgilənəcək
Bakı, 27 fevral, AZƏRTAC
Aprelin 24-dən iyunun 26-dək Portuqaliyanın “CAE” mərkəzində “Sürrealizm Now” qrupunun 10 illik yubileyi ilə əlaqədar beynəlxalq sərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgidə ölkəmizi Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndi təmsil edəcək.
O, artıq 10 ildir Avropada təsis olunmuş “Sürrealizm Now” qrupunun daimi üzvüdür. Bu il “Sürrealizm Now” qrupunun yubileyi ilə əlaqədar açılacaq dünyanın ən böyük sürrealizm sərgisində heykəltəraşlıq, fotodizayn, qrafika və rəngkarlıq nümunələri nümayiş etdiriləcək. Sərgiyə əllidən çox ölkədən 125 rəssam qatılacaq.
Qeyd edək ki, “Sürrealizm Now” qrupunun rəhbəri məşhur Portuqaliya rəssamı Santiaqo Ribeyrodur. XXI əsrin sürrealizm cərəyanını hərəkət etdirən bu qurum Avropanın “Bissayya Barretto” Fondu tərəfdən maliyyələşir və 2010-cu ildə ilk böyük sərgisini Koimbra şəhərində keçirib. Həmin sərgiyə xüsusi dəvət alan Mehriban Əfəndi dünyanın 56 ən gözəl sürrealist rəssamı kimi seçilərək “Muğam” adlı əsərini nümayiş etdirib.