ELM VƏ TƏHSİL


Azərbaycanın Avrasiya Patent Təşkilatı ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı, 6 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Avrasiya Patent Təşkilatının (APT) prezidenti xanım Saule Tlevlessova ilə görüşüb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən Kamran İmanov dövlətimizin başçısının tapşırığı ilə əqli mülkiyyət sahəsində ölkəmizdə geniş islahatların aparıldığını bildirib.

Agentliyin İdarə Heyətinin sədri Təhsil Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə birgə reallaşdırılan “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üzrə Milli Layihə” çərçivəsində görülən işlər, o cümlədən əqli mülkiyyətin kommersiyalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib. O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə dekabrın 18-də Cenevrədə ÜƏMT-nin mənzil-qərargahında “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regionda təsiri: innovativ və yüksək texnologiya startaplarının təqdimatı” adlı tədbir təşkil edəcəyini deyib.

Kamran İmanov Azərbaycanın namizədinin Avrasiya Patent Təşkilatının vitse-prezidenti vəzifəsinə təyin olunmasını xüsusi qeyd edib, bu təyinatın gələcək əməkdaşlığa töhfə verəcəyini vurğulayıb.

Saule Tlevlessova isə Azərbaycanın əqli mülkiyyət sahəsində əldə etdiyi uğurlara şahid olduğunu nəzərə çatdırıb. O, Avrasiya Patent Təşkilatının İnzibati Şurasının Düşənbə şəhərində keçirilən son iclası zamanı Azərbaycan Respublikasının xüsusi rəy və təklifləri nəzərə alınaraq təşkilatın üzv-dövlətləri ərazində sənaye nümunələrinin qorunmasına dair Protokolun ilkin mətninin qəbul olunmasını bildirərək ölkəmizin aktiv fəaliyyətinə görə minnətdarlığını bildirib.

Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanın patent müvəkkillərinin Avrasiya Patent Təşkilatının üzv-dövlətlərində aktivliyinin artırılması xüsusi qeyd olunub. Onların online təlimlərə qatılmaqla imtahan vermələri və Avrasiya Patent Təşkilatının patent müvəkkili kimi fəaliyyət göstərmək imkanı vurğulanıb. Eyni zamanda, Avrasiya Patent Təşkilatının ekspertləri tərəfindən elektron iddia sənəd sistemindən daha səmərəli istifadə üzrə Bakıda təlimin keçirilməsi haqqında razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.