CƏMİYYƏT
Azərbaycanın Baş Prokurorluğu ilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu arasında memorandum imzalanıb YENİLƏNİB VİDEO
Bakı, 31 may, AZƏRTAC
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfəri çərçivəsində mayın 31-də Baş Prokurorluqda ikitərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlətlərimizin başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub, tarixən xalqlarımızın milli köklərə söykənən bu münasibətlərin gələcəkdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.
Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Kamran Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqının ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirdiyini minnətdarlıqla qeyd edib, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərində türk şirkətlərinin fəal iştirak etməsinin iki ölkə arasında mövcud strateji əməkdaşlığın təzahürü olduğunu vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Bəkir Şahin ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləyib.
Bəkir Şahin təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verəcəklərini xüsusi vurğulayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Baş prokurorlar ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.
Mərasimdə ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Tədbirdə Baş prokuror Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroruna “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” medalını təqdim edib.
Dövlətlərarası sənədlərin imzalanması mərasimindən sonra Kamran Əliyev və Bəkir Şahinin mətbuat konfransı olub və Baş prokurorlar media nümayəndələrinin suallarını cavablandırıblar.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.