CƏMİYYƏT


Azərbaycanın Baş prokuroru beynəlxalq təşkilatlara məktub ünvanlayıb

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına rəsmi müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.

Müraciətdə qeyd edilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

Belə ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtobusun rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 2 media əməkdaşı və 1 dövlət qurumunun əməkdaşı ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Vurğulanıb ki, qeyd edilən faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla hazırda intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Kamran Əliyev Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritə və sxemlərini bugünədək təqdim etməməsini Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı törətmiş olduğu təxribat xarakterli aktların davamı kimi qiymətləndirərək, onlardan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edib.

Eyni zamanda, Baş prokuror insanların həyatını xilas edilməsinə kömək edə biləcək bu xəritələri və digər zəruri məlumatları Ermənistanın təqdim etməkdən imtinasının Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğunu diqqətə çatdırmaqla, üçtərəfli Bəyanatın imzalandığı gündən indiyədək 18 mülki şəxsin həlak olduğunu, 24 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Sonda Baş prokuror, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ictimaiyyətindən törədilmiş cinayətlərlə bağlı səlahiyyətləri çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.