MƏDƏNİYYƏT
Azərbaycanın “Çölçü” filmi 42-ci Belqrad Beynəlxalq kinofestivalının “Eorope out Europe” müsabiqə proqramında VİDEO
Bakı, 27 yanvar (AZƏRTAC). Fevralın 28-dən martın 9-dək Serbiyanın paytaxtında 42-ci Belqrad Beynəlxalq kinofestivalı (“Fest-42”) keçiriləcəkdir.
Festivalda Azərbaycan “Çölçü” filmi ilə təmsil olunacaqdır.
Bu barədə AZƏRTAC-a “Çölçü” filminin rejissoru Şamil Əliyev məlumat vermişdir.
Rejissor bildirmişdir ki, artıq bu ekran əsəri festivalın “Eorope out Europe” müsabiqə proqramına daxil edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilmişlər.
“Çölçü” filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq oğlanın həyatında yeni səhifə açır, o, böyük, bixəbər olduğu dünyaya daxil olur...
“Çölçü” bədii filmi indiyədək 16 mötəbər Beynəlxalq kinofestival və forumda iştirak etmiş, müxtəlif mükafatlara və diplomlara layiq görülmüşdür. Bu ekran əsəri 2013-cü ilin “Humay” Milli Mükafatına layiq görülmüşdür. “Çölçü” 86-cı “Oskar” mükafatının siyahısında Azərbaycanı təmsil etmişdir.