SİYASƏT
Azərbaycanın Dostları Assosiasiyasının yaradılmasının 20 illiyi Parisdə qeyd olunub
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının yaradılmasının 20 illiyinə həsr olunan təntənəli yubiley gecəsi keçirilib.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən yubiley mərasimində Fransa parlamentinin üzvləri, ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, Assosiasiyanın üzvləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel çıxış edərək assosiasiyanın gördüyü işlər və gələcək fəaliyyəti barədə məlumat verib. Bildirib ki, assosiasiyanın əsas məqsədi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini təbliğ etməkdir. Fransanın müxtəlif şəhərlərində il ərzində həyata keçirilən bir sıra uğurlu layihələr Azərbaycana olan marağı daha da artırır.
Assosiasiyanın yaradıcısı, Azərbaycanda Fransanın ilk səfiri olmuş Jan Perin Assosiasiyanın yaradılmasının əhəmiyyətindən danışıb. Bildirilib ki, o vaxtlar Azərbaycanın Fransada kifayət qədər tanınmaması, iki ölkə arasında olan münasibətlər və Fransadakı erməni diasporunun yaratdığı maneələr Assosiasiyanın fəaliyyətini çətinləşdirirdi. O, hazırda Fransada Azərbaycanın dostlarının çoxalmasında, iki ölkə arasında münasibətlərin lazımi səviyyədə inkişaf etməsində və Azərbaycanın artıq Fransada yaxşı tanınmasında Assosiasiyanın özünəməxsus rolu olduğunu qeyd edib.
Yubiley gecəsi Azərbaycan milli musiqisindən ibarət konsert ilə davam edib.