CƏMİYYƏT
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə İranın müvafiq qurumları arasında əməkdaşlıq inkişaf edir VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) ilə İranın müvafiq qurumları arasında əməkdaşlıq inkişaf edir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikir Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun martın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.
Görüşdə Kəmaləddin Heydərov iki yaxın qonşu və dost ölkə arasındakı mövcud əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən nazir FHN-in İranın müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini ifadə edib.
General-mayor Qasım Rzayi görüşə görə təşəkkürünü bildirib, Novruz bayramı ərəfəsində Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Qonaq hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığın yüksələn xəttlə inkişafının əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.