SİYASƏT


Azərbaycanın Göyçay və İtaliyanın Valmontone şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanmışdır VİDEO

Valmontone, 2 mart (AZƏRTAC). Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri çərçivəsində Valmontonenin “Palazzo Doria” sarayında bu şəhərin meri Alberto Latini ilə görüş keçirilmişdir. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

A.Latini ötən il Valmontonedən olan nümayəndə heyətinin Göyçaya səfərini xatırlatmış və bildirmişdir ki, Azərbaycanda keçirilən görüşlər iki şəhər arasında əməkdaşlıq istiqamətlərinin və layihələrin təsbit edilməsində mühüm addım olmuşdur. A.Latini Göyçayın Valmontone üçün Şərqə, Valmontonenin isə Göyçay üçün Avropaya açılan qapı rolunu oynayacağını demişdir.

M.Məmmədov Göyçay ilə Valmontone arasında iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə davamlı və faydalı əlaqələrin yaradılmasının əhəmiyyətini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu cür tədbirlərin keçirilməsi xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərləri paylaşmasına geniş imkan yaradır.

Göyçayın xüsusən qeyri-adi dada malik narı ilə məşhur olduğunu deyən M.Məmmədov bölgədə son illər narçılıq təsərrüfatlarının inkişaf etdiyini vurğulamışdır. Bildirmişdir ki, Göyçayda hər il ənənəvi Nar bayramı keçirilir və gələcəkdə bu cür maraqlı bir festivalın İtaliyanın şəhərləri ilə birgə təşkil edilməsi maraqlı olardı.

Səfir V.Sadıqov Azərbaycan-İtaliya əlaqələrinin tarixindən danışmış, tərəflər arasında təkcə iqtisadi sahədə deyil, təhsil, mədəni, humanitar və digər istiqamətlərdə də münasibətlərin yüksələn xətlə inkişaf etdiyini demişdir. Ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin və müxtəlif sahələr üzrə ikitərəfli sənədlər imzalanmasının əlaqələrin inkişafına töhfə verdiyini vurğulayan səfir artıq regionlarımız arasında da münasibətlərin genişləndiyini təqdir etmişdir.

Sonra Valmontone və Göyçay şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanmışdır.

Sənədi M.Məmmədov və A.Latini imzalamışlar. Müqavilədə iki şəhər arasında bütün səviyyələrdə, o cümlədən təhsil, iqtisadi-sosial, mədəniyyət, incəsənət, idman kimi sahələrdə əlaqələrin genişləndirilməsi, məlumat və təcrübə mübadilələrinin təşviq edilməsi nəzərdə tutulur. Sənəddə Göyçay və Valmontonenin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, ortaq dəyər və maraqlara malik olduğu xüsusi vurğulanır.

Qeyd edək ki, İtaliya və Azərbaycan şəhərləri arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm önəm kəsb edən qardaşlaşma münasibətlərinin qurulması ənənə halını almışdır. Artıq Çerveteri ilə Lənkəran, Valmontone ilə Göyçay, Pozitano ilə Naftalan şəhərlərinin qardaşlaşmasına dair müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır. Həmçinin Turin ilə Gəncə, Genuya ilə Sumqayıt, Florensiya ilə Şəki, Bormio ilə Qax şəhərlərinin qardaşlaşması ilə bağlı razılıq əldə olunmuşdur. Eyni zamanda Genuya ilə Sumqayıt arasında əməkdaşlıq sənədi imzalanmışdır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Valmontonedəki bir sıra sosial, kənd təsərrüfatı və sənaye obyektləri ilə tanışlığı da nəzərdə tutulur.

Səfər martın 3-də başa çatacaqdır.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Valmontone

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.