MƏDƏNİYYƏT
Azərbaycanın Gürcüstandakı səfirliyi ənənəvi “Qış sərgisi” adlı xeyriyyə yarmarkasında iştirak edir
Tbilisi, 3 dekabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi dekabrın 3-də Tbilisi şəhərində Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi “Qış sərgisi” adlı xeyriyyə yarmarkasında iştirak edib.
Yarmarkada Azərbaycan xalçaları, müxtəlif milli suvenirlər, jurnallar və yerli şirkətlərimizin istehsalı olan məhsullar, habelə milli mətbəximizin ləziz təamları nümayiş olunub.
Yarmarkaya gələnlər Azərbaycan çayını, mürəbbə və suvenirlərini həvəslə alıblar. Ziyarətçilər paxlava, şəkərbura, müxtəlif kababların, dolma və plovun dadına baxıblar.
Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva AZƏRTAC-a bildirib ki, yarmarkada satılan mallardan əldə olunan vəsait xeyriyyə məqsədləri üçün istifadə olunur. Bu dəfə yığılacaq vəsait kimsəsiz uşaqlar evinə veriləcəkdir.
Yarmarkada Tbilisidə akkreditə olunmuş 20-dən çox diplomatik nümayəndəlik, yerli və xarici şirkətlər də iştirak edir.
Yarmarka həm də, iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyət və mətbəxinin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.
Gün ərzində yarmarkaya gələnlər Azərbaycan guşəsinə böyük maraq göstəriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi