SİYASƏT
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi Respublika Günü münasibətilə paytaxt Seulda rəsmi qəbul təşkil etmişdir VİDEO
Seul, 28 may (AZƏRTAC). Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyi paytaxt Seulda 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirmişdir.
Tədbirdə Koreyanın dövlət və hökumət rəsmiləri, diplomatik missiyaların və hərbi attaşelik aparatlarının rəhbərləri və nümayəndələri, ali təhsil ocaqlarının rektorları, həmçinin professor və müəllim heyəti, bir sıra şirkət rəhbərləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.
Azərbaycanın Koreya Respublikasındakı müvəqqəti işlər vəkili Rəmzi Teymurov 96 il əvvəl müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyət istiqamətləri və süqutu barədə danışmışdır. Yetmiş il sonra öz dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yeni bir tarixi dövrə qədəm qoyduğunu diqqətə çatdıran R.Teymurov respublikada bütün sahələrdə həyata keçirilmiş islahatlar və quruculuq işləri, ölkənin xarici siyasət prioritetləri və iqtisadi göstəriciləri, Azərbaycanın fəal iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-Koreya ikitərəfli münasibətləri haqqında məlumat vermişdir.
Rəsmi qəbulda 28 May – Respublika Günü münasibətilə ziyafət verilmişdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul