QAN YADDAŞI
Azərbaycanın Malayziyadakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar xeyriyyə aksiyası keçirib
Kuala Lumpur, 18 yanvar, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsinin anılması məqsədilə xeyriyyə aksiyası keçirilib. Səfirlik tərəfindən Selanqor ştatının Ampanq rayonunda himayədən məhrum yaşlı qadınların məskunlaşdığı “Mesra Home” adlı sığınma evində ehsan süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev sözügedən ölkədə tətbiq olunan karantin rejiminin cari qaydalarına riayət etməklə, sığınma evinə baş çəkib, “Mesra Home”-un təsisçisi və rəhbəri xanım Faeza Ali ilə görüşüb. Görüş zamanı Azərbaycan səfiri “Mesra Home” ilə birgə xeyriyyə aksiyalarının artıq ənənəvi həmrəylik münasibətlərinə çevrildiyini, Azərbaycan və Malayziya xalqlarının daim bir-birlərinə qarşılıqlı dostluq və ehtiram hissi bəslədiklərini bildirib. Səfir Q.Allahverdiyev 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixində əsl qəhrəmanlıq və cəsarət nümunələrindən biri olduğunu vurğulayıb və belə bir faciəvi günü malayziyalı dostlarla birgə yad etməyin önəmini qeyd edib. Azərbaycan səfiri deyib: “Tarix boyunca xalqımızın öz müstəqilliyi uğrunda göstərdiyi hər bir hünər, hər bir şücaət milli şüurumuzda, yaddaşımızda ən ülvi hisslərlə qorunub saxlanılır. 20 Yanvar faciəsi də bu şanlı tariximizin ən parlaq səhifələrindən biridir. Daim sülh, dostluq və mehriban qonşuluğun qətiyyətli müdafiəçisi olan Azərbaycan xalqı öz azadlığı, dövlət müstəqilliyi və ərazi bütövlüyü naminə apardığı haqq davalarında ən ağır sınaqlardan misilsiz rəşadət göstərərək qalib və məğrur kimi çıxıb. 2020-ci ildə xalqımızın mütləq qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi məhz bu qəhrəmanlıq tarixinin yeni zirvəsidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz uzun illərdir düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad edib. Bu səbəbdəndir ki, Azərbaycan xalqı və onun dostları 20 Yanvar faciəsinin builki anımını ikiqat fəxarət hissi ilə qeyd edir.
Onu da vurğulamaq istərdim ki, Azərbaycan və Malayziya xalqlarının ən önəmli ortaq dəyərlərindən biri olan İslam dini insanları heç bir dini, etnik və irqi ayrı-seçkilik qoymadan daim humanizmə, xeyirxahlığa, həmrəyliyə səsləyir. Bugünkü ehsan süfrəsi də bizi bu müqəddəs dəyərlər ətrafında bir yerə yığıb”.
COVID-19 pandemiyasının qlobal təsiri nəticəsində yaranmış ümumbəşəri çağırışlara baxmayaraq, Azərbaycan səfirliyinin nəcib təşəbbüsü əsasında keçirdiyi xeyriyyə aksiyasından məmnunluqla bəhs edən xanım F.Ali Azərbaycan şəhidlərinin ruhuna rəhmət diləyib, Azərbaycan və Malayziya xalqları arasında davam edən möhkəm dostluq münasibətlərində yeni uğurlar arzulayıb.
Xatırladaq ki, Malayziyadakı səfirliyimiz 20 Yanvar faciəsinin ildönümünü ənənəvi olaraq xeyriyyə aksiyaları ilə qeyd edir. Belə ki, ötən il səfirliyimiz xalqımızın bu kədərli gününü Malayziyanın Qadın, Ailə və İcma İnkişafı Nazirliyinin iştirakı ilə Kuala Lumpur şəhərində fəaliyyət göstərən “Tengku Budriah Çeras” adlı valideyn himayəsindən məhrum uşaqlar evində keçirdiyi xeyriyyə aksiyası ilə yad etmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur