SİYASƏT
Azərbaycanın Qətərdəki səfirliyi bu ölkədə fəaliyyət göstərən erməni diasporunun təxribatının qarşısını almışdır
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi bu ölkədə fəaliyyət göstərən erməni diasporunun təxribatının qarşısını almışdır.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Qətər Dövlətinin “Katara” mədəniyyət şəhərciyində fəaliyyət göstərən erməni-livan restoranı “MAMİG” fəaliyyət istiqamətindən uzaq təşviqat işləri ilə məşğul olaraq, ölkəmizin Xankəndi şəhərində yerləşən “Biz-dağlarımız” abidəsini erməni abidəsi kimi təqdim edərək Qətərdə çap olunan bir çox nəşrlərdə bunu işıqlandırmışdır. Abidənin restoranın rəmzi kimi onun qarşısında böyük ölçülü maketi təqdim edilmişdir. Eyni zamanda, restoran reklam xarakterli dərclərdə ölkəmizin işğal olunmuş ərazisini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etmişdir.
Azərbaycan səfirliyi tərəfindən aparılan təxirəsalınmaz, məqsədyönlü işlər və Qətərin müvafiq qurumlarında keçirilən görüşlər nəticəsində bu ölkədə fəaliyyət göstərən erməni diasporunun növbəti təxribatının qarşısı alınmış, restoranın fəaliyyəti Qətər dövlətinin müvafiq qurumları tərəfindən nəzarətə götürülmüş, gələcək reklam xarakterli məlumatlarda bu kimi səhvlərə yol verilməyəcəyinə təminat verilmişdir. Ən əsası restoranın qarşısında erməni abidəsi olaraq nümayiş etdirilən “Biz-dağlarımız” abidəsinin maketinin “Katara” rəhbərliyi tərəfindən Qətər Xarici İşlər Nazirliyinin xüsusi təlimatı əsasında götürülməsi təmin edilmişdir.