İQTİSADİYYAT
Azərbaycanın Rusiya ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında avtomobil yolunun tikintisi davam edir
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24,5 kilometr olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov brifinqdə deyib.
S.Məmmədov, həmçinin qeyd edib ki, ötən il ərzində ümumilikdə agentlik tərəfindən 120 min 694 ton bitum və 15 min 229 ton mazut istifadə olunub, 2 milyon ton asfalt-beton istehsal edilib. Asfalt-beton qarışıqlarının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tövsiyəsini nəzərə alaraq, 160,7 ton bituma adgeziya qatqısı alınaraq asfalt-beton örtüyünün tikintisində istifadə olunub.