SİYASƏT
Azərbaycanın Rusiyadakı səfirliyində Zəhranın və nənəsi Sahibə Quliyevanın həlak olması ilə əlaqədar matəm tədbiri keçirilib
Moskva, 6 iyul, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyində Füzuli rayonunun Alxanlı kəndinin Azərbaycanın işğal edilmiş ərazilərində olan Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Zəhranın və nənəsi Sahibə Quliyevanın həlak olması ilə əlaqədar matəm tədbiri keçirilib. Tədbirdə Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGB) fəalları, Rusiya KİV-lərinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçıları qarşısında çıxışda bildirib ki, balaca Zəhra Quliyevanın həlak olması dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinin nə qədər əhəmiyyətli olduğunu göstərməlidir. Səfir iki yaşlı qızın faciəli şəkildə ölməsinə öz münasibətini bildirmək üçün Azərbaycan Respublikasının səfirliyinə gələn hər kəsə təşəkkür edərək deyib: “Bu, mülki əhalinin həlak olduğu ilk hadisə deyildir. Uşaqların həlak olması isə xüsusilə ağırdır. Elə hallar olub ki, oyuncaqları minalayaraq çaya buraxıblar. Bir neçə azərbaycanlı uşaq da bu oyuncaqları götürərkən partlayış nəticəsində həlak olub. Çox təəssüf ki, onda biz dünya ictimaiyyətindən belə hadisələri pisləyən sözlər eşitmədik. Ümidvarıq ki, dünya ictimaiyyəti müasir kommunikasiya əlaqələri imkanlarının olduğu bir vaxtda, heç olmazsa, bu hadisəyə diqqət yetirəcək”.
P.Bülbüloğlu qeyd edib: “İki yaşlı Zəhra həyatını ona görə qurban verib ki, dünya ictimaiyyəti başa düşsün: münaqişə dayandırılmalı, özü də beynəlxalq hüquq çərçivəsində dayandırılmalıdır. Dinc sakinlər həlak olur, uşaqlar həlak olur, mülki infrastruktur dağılır. Amma dünya bunu laqeydcəsinə seyr edir.
Azərbaycan xalqının həlak olanları heç vaxt unutmayacağını vurğulayan diplomat deyib: “Biz Vətəninin azadlığı uğrunda canından keçən hər bir şəhidi xatırlayırıq. Amma hər halda hətta psixoloji olaraq, bir var öz Vətənini, azadlığını və suverenliyini müdafiə edərkən döyüşçülər həlak olur, bir də var müdafiəsiz dinc vətəndaşlar tələf olur. Dünyaya ölmək üçün deyil, yaşayıb-yaratmaq üçün gələn azyaşlı uşaqların həlak olması isə daha böyük faciədir. Bu uşaqların heç bir günahı yoxdur. Günahkar böyüklərdir, həlak olanlarsa uşaqlar”.
P.Bülbüloğlu dünya ictimaiyyətini Dağlıq Qarabağda baş verənlərə xüsusi diqqət yetirməyə və məsələni beynəlxalq hüquq çərçivəsində ədalətlə həll etməyə çağıraraq söyləyib: “Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, biz bu məsələni sülh yolu ilə həll etməyə tərəfdarıq. Amma məsələ həllini tapmır. Hamımız şahidik ki, Azərbaycan xalqı çox səbirlidir. Biz bu məsələnin həllini 25 ildən çoxdur gözləyirik və onun həll olunmasını istəyirik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva