MƏDƏNİYYƏT
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu rəssam Mixail Şemyakinlə görüşüb
Sankt-Peterburq, 24 noyabr, AZƏRTAC
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Rusiya və Amerika rəssamı, heykəltəraş, Rusiya Dövlət Mükafatı laureatı, Şemyakin Fondunun rəhbəri Mixail Şemyakinlə görüşüb.
Azərbaycanın baş konsulu görüşdə Azərbaycan dövlətinin mədəni siyasət strategiyası barədə məlumat verərək qeyd edib ki, ölkəmizin rəhbərliyi, şəxsən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyətin, elmin, idmanın və təhsilin inkişafına xüsusi diqqət yetirirlər.
S.Qasımov Rusiyada təşkil edilən mədəni tədbirlər mövzusuna toxunaraq Moskvada, Rusiya Dövlət Tretyakov qalereyasında keçirilən “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisini, bu sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirak etməsini xatırlayıb.
Baş konsul Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin genişmiqyaslı fəaliyyəti barədə də danışıb, vurğulayıb ki, Leyla Əliyevanın rəhbərlik etdiyi bu nümayəndəliyinin işinin əsas istiqamətlərindən biri mədəniyyətdir. Sultan Qasımov “Baku” jurnalının bir nömrəsini Mixail Şemyakinə təqdim edib, onu Azərbaycana səfərə dəvət edib.
Mixail Şemyakin maraqlı görüşə görə Azərbaycanın baş konsuluna təşəkkürünü bildirib və özünün rəhbərlik etdiyi fondun işi haqda, onun həyata keçirdiyi layihələr barədə danışıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq