İQTİSADİYYAT
Azərbaycanın Startap Portalı yaradılacaq
Bakı, 27 oktyabr, AZƏRTAC
2017-ci ilin birinci yarısında Azərbaycanın Startap Portalının yaradılması planlaşdırılır. Portal “startup” istiqaməti üzrə ölkənin hazırda ən mötəbər yarışması olan “Startap Azərbaycan” Respublika müsabiqəsinin bazasında yaradılacaq.
Portalın təşkilat komitəsindən AZƏRTAC-a bildirilib ki, portal “Startup.az” ünvanında Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.
Portal Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının Inkişafı Dövlət Fondunun dəstəyi ilə yaradılacaq. Portalın yaradılması Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramına uyğundur.
“Startup.az” Azərbaycanda startap ekosisteminin davamlı inkişafını dəstəkləyən, bu istiqamətdə fəaliyyət göstərən dövlət və özəl qurumların tərəfdaşı statusunda fəaliyyət göstərəcək.
Qlobal və yerli bazarda trendləri analiz edərək startapları yönəldən, onlara müxtəlif formada dəstək verən, investorlar və startaplar arasında “Startup.az” bir “körpü” funksiyası həyata keçirməyi nəzərdə tutur.
Yeni yaradılacaq portal startap ekosistemi üçün zəruri olan məlumatları özündə əks etdirəcək. Portalda mühüm yeniliklərdən biri Azərbaycan startaplarının bazasının yaradılmasıdır. Tətbiq olunacaq funksional hər bir startapın öz profilini yaradaraq, fəaliyyət istiqaməti, təsisçilər, tələb olunan investisiya həcmi və s. məlumatları yerləşdirmək imkanı verəcəkdir.
Daha maraqlı yeniliklərdən biri də startaplara qoşulmaq istəyən mütəxəssislərin bazasının (“Startapda iş”) yaradılmasıdır. Hər bir mütəxəssis, proqramçı, marketoloq və digərləri peşəsindən asılı olmayaraq öz profilini yarada biləcək. Bu yanaşma startaplara komanda formalaşdırmağa, mütəxəssislərə isə maraqlı startaplara qoşulmağa imkan verəcək.
“İnvestor” bölməsində vençur fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi investor (biznes-mələklər), investisiya şirkətləri öz profillərini yarada biləcək.
Nəzərdə tutulan digər bölmələrin yaradılması ilə yanaşı, portalda məzmuna da xüsusi diqqət yetiriləcək. Startaplara aid yerli və beynəlxalq tədbirlər, tədris proqramları, xəbərlər, məqalələr, müsahibələr startapda mütəmadi olaraq yerləşdiriləcək.
Daha mühüm yenilikdən biri də startaplara zəruri olan müxtəlif servislərin portalda xüsusi bölmədə yerləşdirilməsidir. Biznesdə ilk addımlarını atan startaplar servislər haqqında lazımi məlumatları daha rahat formada əldə edəcəklər.