SİYASƏT


Azərbaycanın Zəfər Günü Tokioda da qeyd edilib VİDEO

Tokio, 9 noyabr, AZƏRTAC

Azərbaycanın 8 Noyabr - Zəfər Günü ölkəmizin Yaponiyadakı səfirliyində də təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Yaponiyadakı səfiri Korkut Güngen, səfirliyin əməkdaşları, Tokio ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri və burada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Vətən müharibəsində əldə edilmiş böyük Zəfərin ikinci ildönümü münasibətilə iştirakçıları təbrik edib. Bu Zəfər nəticəsində 30 ilə yaxın bir dövrdə düşmən işğalı altında qalan torpaqlarımızın azad edildiyini, böyük Qələbəni xalqımıza Müzəffər Ali Baş Komandan, müdrik Prezidentimiz İlham Əliyevin, onun rəhbərlik etdiyi şanlı Ordumuzun bəxş etdiyini vurğulayıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsinin böyük Qələbə ilə başa çatdığı, igid hərbçilərimizin qəhrəmanlığı sayəsində düşmənin döyüş meydanında məhv edildiyi, məğlubiyyətini etiraf etdiyi mərasim iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, Azərbaycan dövlətinə və xalqına dəstək olan Türkiyə Respublikasının müstəsna rolunu qeyd edən səfir xalqlarımızın əbədi dostluq və qardaşlıq münasibətlərindən danışıb.

O, Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olduğunu, Ermənistanın isə qeyri-konstruktiv mövqeyinin, törətdiyi təxribatların sülh prosesinə maneə yaratdığını bildirib.

Azərbaycan xalqını böyük Zəfər Günü ilə əlaqədar təbrik etməkdən məmnun olduğunu vurğulayan Türkiyənin Yaponiyadakı səfiri Korkut Gürgən AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbirinə deyib: “Bu gün çox önəmli bir gün olan Zəfər Günündə qardaş azərbaycanlı məsləkdaşlarımızla bir yerdə olmaqdan şadıq. Azərbaycanlılar bizim canımız, qanımızdandırlar. Biz sizlərlə varıq. Ona gərə də belə gözəl gündə sizinlə birlikdə olmaq bizim üçün çox önəmlidir. Bu gözəl dəvətə görə təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, önümüzdəki dönəmdə də sizinlə ən yaxın iş birliyi içərisində, çiyin-çiyinə gələcəyə doğru birlikdə irəliləyəcəyik”.

Tədbir ziyafətlə başa çatıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.